II sinif şagirdləri üçün Məntiq kitabı

II sinif şagirdləri üçün Məntiq kitabı

Məntiq - II sinif şagirdləri üçün vəsait

Müəlliflər:
İlqar Əli Oğlu Ağakişiyev
Nigar Taryel qızı Şəfiyeva

Yeni dərsliklərdən hamı şikayət edir: şagird də, ona dərs keçən müəllim də, valideyn
də, bu kitabların üzünü bir dəfə də olsun açmayan, ordan-burdan eşitdiklərini özününkü
kimi danışanlar da. Biz də araşdıraq, dedik. Ortaya maraqlı bir mənzərə çıxdı: Bu dərs
kitabları heç də gərəksiz deyilmiş, hər nə qədər qüsurlardan xali olmasa belə. Sadəcə,
bizlərin vərdiş etdiyi, ənənəvi standartlardan kənara çıxır; daha çox düşünmək tələb edir.
Bu yaxşıdımı, yoxsa pisdimi? Bizə görə çox yaxşıdı, övladlarımız daha məntiqli düşünə
biləcəklər, əzbərçi olmayacaqlar, əksinə əzbəri pozan olacaqlar. Bəs çatışmayan nədir?
Məntiqi təfəkkür. Nə valideyn olaraq, nə də müəllim olaraq övladlarımıza hələ ki
düşünməyi – özü də məntiqli düşünməyi öyrədə bilməmişik.
Əlinizdəki bu kitab dərs vəsaitidir; əyləncəli suallar toplusu deyil. Kitab yazılarkən
məktəb dərsliklərini araşdırdıq, “nəyi necə yazsaq, övladlarımız məktəb dərslərində daha
başarılı olar” sualına cavab tapmaq üçün. Ola bilər ki, kitabla tək çalışmaq ilk başdan çətin
olsun; təlimçiyə, müəllimə ehtiyac olsun, hətta sizlərə bir balaca yorucu da görünə bilər.
Tələsməyin, az vaxtdan sonra bu kitabı sevəcəksiniz, sizin stolüstü kitabınıza çevriləcək.
Çünki bu kitabla məşğul olduqca məktəb dərslərindən də daha yaxşı nəticələr əldə
etdiyinizin şahidi olacaqsınız.
Tərtib etdiyimiz vəsaitlər bütün siniflərdə (ikinci sinifdən səkkizinci sinfə qədər)
vahid xətt üzrə qurulmuşdur; təbii ki, siniflərin səviyyə fərqi nəzərə alınmaqla. Bu da
uşaqlarımıza yuxarı siniflərdə daha sərbəst işləmək imkanı yaradacaq.
Bu kitabın ilk nəşridi, səhvlər və çatışmamazlıqlar təbii ki, olacaq. Önəmli olan
niyyətimizdi: hər bir şagirdin başarılı olmasına yardımçı olacaq vəsaiti ərsəyə gətirmək.
Bunu nə qədər bacarmışıq, deyə bilmərəm. Bu mənada Sizlərə də ehtiyacımız var:
iradlarınızı məmnuniyyətlə növbəti nəşrlərdə nəzərə alacağıq.
Kitaba daxil olan sualların tərtib olunmasında, kitabın yığılmasında və redaktə
olunmasında əməyi keçən Nurlana xanım İsayevaya, Məlahət xanım Quliyevaya və Heyran
xanım Atakişiyevaya sonsuz təşəkkürlərimizi bildiririk.

                                                                          Müəlliflərdən