İlqar Ağakişiyev

İlqar Ağakişiyev


Ağakişiyev İlqar Əli oğlu 09.05.1969-cu ildə Azərbaycan Respublikası Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə Xaçmaz kənd 2 saylı tam orta məktəbində, 1986-1993-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil almışdır. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. 1993-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 2001-ci ildən namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər namizədi (indiki fəlsəfə doktoru) adını almışdır. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisasında, 2007-2009-cu illərdə isə həmin ixtisasın magistr pilləsində təhsil almışdır.

1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır.

1993-1998-ci illərdə Bakı Dövlət Universitetinin Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika kafedrasında, 2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Kibernetika kafedrasında müəllim vəzifəsində çalışmışdır.

2001-ci ildə yaradılan Kainat Tədris Mərkəzinin həmtəsisçisi, eyni zamanda mərkəzin direktorudur. Müxtəlif illərdə Kainat Tədris Mərkəzində riyaziyyat, məntiq və informatika fənnlərini tədris etmişdir. 2001-ci ildən indiyə qədər Dövlət İmtahan Mərkəzi (əvvəlki TQDK) ilə əməkdaşlıq edir.

18 elmi məqalənin, 1 monoqrafiyanın və 4 kitabın – “Riyaziyyat” və “Həndəsə Məsələləri” dərs vəsaitlərinin, Dövlət İmtahan Mərkəzinin nəşri olan “Məntiq” kitabının və Kainat Tədris Mərkəzinin nəşri olan “Məntiq” kitabının müəllifidir.